Ermənilər Azərbaycana məxsus domen adları da
oğurlayıblar
Əvvəllər silah gücünə həll edilən bəzi
məsələlər müasir dövrümüzdə informasiyanın köməyi ilə yoluna qoyulur.
İnternet həm də getdikcə savaş meydanına çevrilir.
İndi hər cür informasiyanı əldə etmək, yaymaq üçün
texnologiyanın son uğurlarından istifadə edirik. Kompüter və internet
isə sürətlə həyatımıza az qala hava, su kimi daxil olmaqdadır. Əvvəllər
silah gücünə həll edilən bəzi məsələlər müasir dövrümüzdə informasiyanın
köməyi ilə yoluna qoyulur. İnternet həm də getdikcə savaş meydanına
çevrilir.
Hansısa bir ölkə haqqında
məlumat toplamaq istəyəndə birinci növbədə internetdəki axtarış
sistemlərinə üz tuturuq. Sonra həmin ölkənin adına uyğun ağlımıza tez
gələn sözü axtarış saytında yazıb, "enter” klavişini basırıq. Məsələn,
Azərbaycan, Qarabağ və bir çox şəhərlərimiz haqqında nəsə öyrənmək
istədikdə, internetə bağlanıb bu ünvanları yazırıq: www.azerbaijan.com, www.baku.com, www.karabakh.com, www.susha.com, www.lachin.com, www.sumqait.org və s. Lakin bu ünvanlara daxil
olduqda tamamilə başqa şeylərlə qarşılaşırıq. Saytın adı, yəni domen
ünvanı axtardığımız ölkəyə-Azərbaycana aid olduğu halda, səhifənin
içindəkilər tamam başqa bilgilərlə doldurulub. Buna anti-təbliğat da
deyilə bilər.
Domen adlar nəyi
bildirir, domen nə deməkdir?
İnternetdə hər bir
kompüter təkrar olunmaz ünvana malikdir və onu İP-ünvan adlandırırlar.
İP ünvan 8 rəqəmdən ibarət olur. Lakin rəqəmləri yadda saxlamaq çətin
olduğundan dünya internet cəmiyyəti domen adlar sistemini yaradıb.
Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti
(DNS - domain name service) tərəfindən yerinə yetirilir. Yəni, səkkiz
rəqəmli ədədi yazmaq əvəzinə, www.uyğun ad ( coğrafi ad və ya təşkilat
adı) və com və ya net, org, digər domenlər yazılır. www.azerbaijan.com domen addır.
Domenlər birinci və ikinci
səviyyəli olur. İnternet şəbəkəsinə üzv olan ölkələrə məxsus birinci
səviyyəli milli domenlər həmin ölkələri bildirmək üçün istifadə edilən
iki simvoldan ibarət olur. Məsələn, ".az”- Azərbaycanı bildirir. İkinci
səviyyəli domenlərə isə com, edu, gov, net, info və s. daxildir.
Domen adların
fəaliyyəti ilə beynəlxalq təşkilatlar məşğul olur
Birinci səviyyəli
domenlərin, o cümlədən hər bir ölkəyə məxsusu birinci səviyyəli
domenlərin idarə edilməsi ilə İCANN-ın (The Internet Corporation for
Assigned Names and Numbers) tapşırığı ilə xüsusi təşkilatlar məşğul
olur. İCANN, ABŞ hökuməti qarşısında məsuliyyət daşıyır. Təşkilat
1998-ci ilin oktyabrında İP ünvanların paylanması, domen adlar, eləcə də
digər xüsusi məsələlərin yerinə yetirilməsi üçün yaradılıb. Bu cür
təşkilatlar qeyri-kommersiya istiqamətli olur, internet ictimaiyyətinin
maraqlarından çıxış edir. Domen qeydiyyatı üçün müəyyən haqq ödənilir.
Domen adını qeydə alan şəxs bu domenə aid bütün hüquqlara məxsus olur.
Domenlərin alınması
və qeydiyyatında məhdudiyyət yoxdu
Domenləri müxtəlif
məqsədlərlə - informasiya müharibəsi, qazanc əldə etmək və s. istifadə
edirlər. Domenləri nüfuzlu adamların adları, tarixi – mənəvi dəyərlər,
coğrafi isimlərlə adlandırırlar. Təəccüblü deyil ki, artıq domenlərin də
"qara bazarı” formalaşıb.
Azərbaycana məxsus domen
adları Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyir ki,
sonluğu "com.”, "edu.”, "org.” olan domenlərin qeydiyyatı ilə bağlı
məhkəmə kifayət qədər açıqdır, şəffafdır. Bu domenlərin qeydiyyatına bir
şərtlə məhdudiyyət qoyulur. Əgər istədiyin domen adı intellektual
mülkiyyətdirsə, obyektdirsə, ticarət nişanıdırsa, onu heç kəs ala
bilməz. "Məsələn: cococola.com, microsoft.org, qalan digər adlar
məsələn, azərbaycan.com, onu kim tez yuxudan dursa o alacaq. Ola bilsin
ki, domeni kimsə alıb və resursa uyğun olmayan anti-reklama, porno
reklama başlayarsa, bunun hüquqi çəkişmələrini aparmaq olar”.
İnternetdə Azərbaycana
məxsus coğrafi adların alınması müstəqillik qazanandan sonra reallaşmağa
başladı. Xaricdə yaşayan erməni əsilli biznesmenlər Azərbaycanın demək
olar ki, bütün regionlarının adlarını ikinci dərəcəli domen kimi
qeydiyyatdan keçiriblər. Osman Gündüz bütün bunların günahını
Azərbaycanda internetə məhdudiyyətlərin qoyulması ilə əlaqələndirir.
"Vaxtilə bizimkilər yatıblar, internetdə gəlişdirmələr edə bilməyiblər,
cəld kim tərpənsə, domen adı o da alacaq. Bizim ən tanınmış coğrafi
terminlərin adları ilə bağlı domenlərin ələ keçirilməsi internetin
inkişafı ilə bağlıdır. Vaxtilə biz də internetdə kifayət qədər
məhdudiyyətlər vardı, yəni internetə telefon xətti ilə girənlərdən 4
manat pul alırdılar. Bizdə internetin qarşısını almaq üçün tədbirlər
həyata keçirilən zaman, ermənilər adlarımızı almaqla məşğul idilər”.
".az” domeni 25
avqust 1993-cü ildə qeydiyyata alınıb
Azərbaycanda domen ".az”-ın
qeydiyyatı ilə bağlı səlahiyyət uzun müddət "AzCom” şirkətinə məxsus
olub. 2008-ci ilin əvvəllindən isə milli domenin qeydiyyatı ilə real
şəkildə İNTRANS şirkəti məşğul olur. Şirkət tərəfindən hazırlanmış
axtarış sistemi vasitəsilə, ".az” domeni haqqında məlumatı əldə etmək
olur.
Böyük pula bəzi
domen adları almaq olar
www.baku.net (2001-ci ildə Hindistanda alınıb), www.baku.tv (2004-cü ildə alınıb), www.baku.co.uk, www.ordubad.com (Honk-Konqda alınıb), www.nakhchivan.com (2000-ci ildə İngiltərədə alınıb), www.babek.am, www.susha.net, www.sumqait.info ( Ashot Amatuni, 2003-cü ildə
Yerevanda qeydiyyatdan keçirilib), www.nakhchivan.net, www.yevlakh.com, www.yevlakh.net (1999-cu ildə Amerikada alınıb) və
s. Onlarla belə ünvanlar erməni əsilli şəxslər tərəfindən alınıb,
müxtəlif məqsədlərlə istifadə edilir. Həmin domen ünvanların bəziləri
külli miqdarda pul müqabilində satışa çıxarılıb. Hətta razılaşma yolu
ilə böyük pul verib həmin adları almaq mümkündür. Təbii ki, Azərbaycanın
büdcəsi belə ünvanları almaq üçün yetərli deyil.
Hansı tədbirlər
görülməlidir?
Osman Gündüz Azərbaycana
məxsus domen adların geri qaytarılması ilə bağlı iki çıxış yolunun
olduğunu bildirir: "Beynəlxalq arenalarda bununla bağlı hüquqi müstəvidə
mübarizə aparmaq mümkündür. Ancaq bu yol kifayət qədər çətin və
uzundur. Digər yol daha səmərəlidir. Yeni adlardan istifadə edib, yeni
bir bir internet resursu yaratmaq və reklamına başlamaq lazımdır”.
Azərbaycanda "az.”
domeninin qeydiyyatı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan
proseslər hələ həyata keçirilməyib. O.Gündüz qeyd edir ki, Rabitə
İnformasiya Texnologiyalar Nazirliyi tərəfindən qeyri-qanuni olaraq
İntrans şirkətinə məktub verilib, İCANN-da qeydiyyatdan keçib və
Azərbaycanda domen adlarıyla məşğul olmaq ona tapşırılıb. "Bu səlahiyyət
İnternet ictimaiyyətilə razılaşmadan verilib. Halbuki,
"Telekommunikasiya haqqında” qanunda yazılıb ki, domen adlarının
qeydiyyatı nazirlik tərəfindən əlaqədar qurumlarla birgə həyata
keçirilməlidir”.
Azərbaycana məxsus və
sonluğu .com, .edu, .gov, .net, .biz və s. ikinci səviyyəli domenlə olan
adlarımızın demək olar ki, hamısı alınıb. Ermənilər informasiya
müharibəsində qalib gəlmək üçün əllərindən gələni edirlər. Beynəlxalq
ictimaiyyət bilgiləri həmin saytlardan alır. Azərbaycanda isə
anti-təbliğatın qarşısını almaq üçün demək olar ki, heç bir tədbir
həyata keçirilmir. Nəzərə almaq lazımdır ki, müharibə şəraitində olan
ölkə üçün informasiya müharibəsində qalib gəlmək vacib məsələlərdən
biridir.