Qurban bayramı müsəlman dünyasında hər il Ramazan ayı bitəndən 70 gün sonra qeyd olunur və adətən üç gün davam edir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək, xeyirxahlıq, paklıq və Allaha inam və sevgidir.
Bayramın tarixi İbrahim peyğəmbərin həyatında baş verən əhvalata bağlıdır. Yuxuda Allah-təaladan oğlu İsmayılı qurban kəsmək əmri alır. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirmək istəyəndə Yaradan öz sadiq elçisinə qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurban bayramında kəsilən qurbana "İsmayıl qurbanı” da deyirlər. İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olmalıdır. İsmayıl Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur. 1992-ci ildən dövlət səviyyəsində qeyd olunan bayram bu il dekabrın 8-9-na düşür. Həmin günlər qeyri-iş günüdür.
Qurban Bayramı Münasibəti ilə Bütün Azərbaycanlıları, Bütün Müsəlmanları Təbrik Edirik.