Azerbaycan Dovlet Beden Terbiyesi ve Idman Akademiyasi
[
]
26.11.2009, 01:57
Ölkəmizin öz ənənələri və uğurları ilə
şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə
dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlayan yeganə
ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının 70 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuş və
cənubi Qafqazda bu tipli yeganə olan ali məktəb ilk dəfə 39 nəfər bədən
tərbiyəsi və idman mütəxəssəsi bitirmişdir. İlk illər institutda 11
kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni
dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi
qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən
Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə
institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena,
fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və
metodikası kafedraları açılmışdır.
1941-ci ildə başlayan II dünya
müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni
müdafiə etmək üçün silaha sarıldı, onların bir qismi isə - Z. Rzayeva,
Ə. Babayev, L. Baqriy, Q Qəniyev, S. Əliyev, V. Litvinova, D. Qədirli və
başqaları arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı
əsgərləri yenidən həyata qaytarmaq üçün fədakarlıqla çalışırdılar.
Müharibədən
sonrakı illərdə Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatı yenidən
vüsət alır, İdmançılarımız SSRİ çempionatlarında uğurla çıxış edirlər.
Yüngül atlet Xandadaş Mədətov ilk dəfə uzununa tullanmaqda SSRİ
rekordunu təzələyir. Güləşçilər və boksçular ümumittifaq və beynəlxalq
yarışlarda nailiyyətlər qazanırlar. 1952-ci ildə SSRİ-nin iştirak etdiyi
ilk Oimpiya oyunlarında sərbəst güləşçi Rəşid Məmmədbəyov ölkəmizə ilk
gümüş Olimpiya medalı gətirmişdir. 1950-60-ci illərdə Azərbaycan idmanı
daha da inkişaf etmiş, institutun müəllimləri, tələbə və müdavimləri
SSRİ-də bir çox yarışların qalibi və mükafatçıları olmuşlar.
1957-ci
ildə voleybol üzrə yarışlarda Azərbaycan idmançıları ilk dəfə SSRİ
Kubokunun sahibi oldular. O günlərin qaliblərindən olan professor Oktay
Ağayev indi Akademiyanın voleybol kafedrasına rəhbərlik edir. Dörd
Olimpiadada iştirak etmiş, 2 qızıl və 2 bürünc medalın sahibi İnna
Rıskal, Olimpiya çempionları Rəfiqə Şabanova, Lüdmila Şubina, İlqar
Məmmədov, İqor Ponomaryov, Boris Koretski, Lüdmila Savkina, Valeri
Belenki, Nazim Hüseynov, 3 qat dünya və Avropa çempionu Məhəddin
Allahverdiyev, dünya və Avropa çempionları Xəzər İsayev, Samir
İbrahimov, Rövşən Hüseynov, Aydın Niftullayev, Telman Paşayev, Rafiq
Hacıyev, Əli Əliyev və başqaları Akademiyanın məzunlarıdır.
70 il
ərzində Akademiyanı 15000-dən çox ali təhsili mütəxəssis bitirmişdir.
İndi onların sorağı dünyanın müxtəlif yerlərindən gəlir. Bu kadrların
hazırlanmasında institutun professor-müəllim heyətinin, xüsusən SSRİ-nin
Əməkdar məşqçiləri A. Ağalarovun, T. Abbasovun, Ş. Şamxalovun,Ə.
Səfərovun, R. Baxşəliyevin, İ. Dyaçkovun, T. Bəhramovun, Batyaykinın,
Zayontsun, Z. Rzayevanın, B. Nərimanovun xidmətləri qeyd edilməlidir.
Hal-hazırda Akademiyada işləyən professorlar Ş. Hüseynov, R. Qayıbov, X.
Qurbanov, gənc dosetlər F. Hüseynov, H. Ələkbərov, R. Bağırov və
başqaları yuxarıda adları çəkilən müəllimlərin tələbələri olmuşlar.
1960-cı
illərdə bədən tərbiyəsi və İdman əhali arasında yaymaq və gəncləri
kütləvi şəkildə idmana cəlb etmək üçün bir neçə qərar qəbul edilmişdir.
1969-cu ildə hörmətli Prezidentimiz Heydər Əliyevin Respublikaya rəhbər
seçildiyi ildən institut üçün yeni binanın tikintisinə başlamış və
1972-ci ildə onun açılışı olmuşdur. 70 il ərzində Azərbaycanda bədən
tərbiyəsi və idmanın inkişafında bu ali təhsil ocağının xidmətləri
böyükdür. Akademiya təkcə idmançılar hazırlamayıb, bura həm də böyük
elmi-pedaqoci mərkəz olmuşdur. Ali məktəbdə idman və bədən tərbiyəsi
sahəsində əsaslı tədqiqatlar aparılmış, metodiki tövsiyələr işlənib
hazırlanmışdır. Bu gün Akademiyada 200 nəfərdən professor-müəllim heyəti
çalışır. Azərbaycanın Olimpiya hərəkatında irəliləyişi 1997-ci ildən,
Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti canab İlham
Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi dövrdən sonra
baş verdi. Olimpiya oyunlarına lisenziya qazanmış 31 idmançıdan 23-ü
Akademiyanın tələbələri və məzunları olmuşdur. Məzunlardan Namiq
Abdullayev sərbəst güləş, Zemfira Meftahəddinova stend atıcılığı üzrə
Sidney Olimpiadasının çempionu olmuş, Vüqar Ələkbərov isə Azərbaycan
boks tarixində ilk dəfə olaraq bürünc medal qazanmışdır. 1998-ci ildə
institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o,
ölkəmizdə Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və
davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında
təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildə Milli Olimpiya
Akademiyası "Olimpizmin tarixi və fəlsəfəsi" üzrə I konfransını
keçirmiş, bu konfransda Rusiyanın və Gürcüstanın Milli Olimpiya
Akademiyalarının nümayəndələri də iştirak etmişlər.
Akademiyanın
professor-müəllim heyəti bədən tərbiyəsi və idmanın aktual problemlərinə
həsr olunmuş müxtəlif mövzularda elmi işlər üzərində çalışırlar. Onlar
idmanın ayrı-ayrı növləri üzrə ölkəmizin yığma komandalarına müntəzəm
elmi-metodiki köməklik göstərirlər. Akademiyanın müəllimləri 3 mindən
artıq dərslik, monoqrafiya, elmi-metodiki vəsait və məqalinin
müəllifidirlər. Son illərdə Akademiyada bədən tərbiyəsi sahəsində gənc
elmlər namizədlərinin sayı xeyli artmışdır. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 23 mart 1999-cu il tarixli 42 saylı qərarı ilə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına çevrilmişdir. 7
aprel 2001-ci ildə Az. BTİA-nın yaradılmasının 70 illik yubileyinə həsr
olunmuş mərasim keçirilmişdir. Akademiyada keçirilən tədbirdə
Azərbaucan Respublikasının Prezidenti İcra Aparatının rəhbəri R.
Mehdiyev, Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvləri,
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, baş
nazirin müavinləri, bir çox nazirlər, millət vəkilləri, ali təhsil
müəssisələrinin rəhbərləri və başqa rəsmi şəhslər iştirak etmişlər.
ABŞ-da olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev işinin
çoxluğuna baxmayaraq idmana qayğısını bir daha nümayiş etdirərək
Akademiyaya təbrik göndərmişdir. Prezident fərmanı ilə akademiyanın 4
əməkdaşına "Şöhrət" ordeni, 8 nəfərə "Tərəqqi" medalı, 21nəfərə "Əməkdar
müəllim" fəxri adları verildi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının 70 yaşı tamam oldu. 70 il çox da uzun olmayan bir
dövrdür. Lakin bu olduqca mənalı, zəngin və əaəzsiz bir tarixdir. Əminik
ki, Avropa və Asiyanın qovuşağında 70 il əvvəl yandırılmış maarif
çırağını Akademiyanın kollektivi bundan sonra da daha gur
şölələndirəcək, Azərbaycanın müstəqilliyi, onun idmanın tərəqqisi
yolunda əlindən gələni əsirgəməyəcəkdir.