Azərbaycan
Dövlət İqtisad Universiteti 70 ildir ki, mövcuddur. Bu müddət ərzində
Ali məktəbin adı müxtəlif illərdə müxtəlif cür olmuşdur.
1930-cu
ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq
fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər
yaradılıb. İqtisadiyyat fakültəsinin bazasında isə Ticarət-Kooperativ
İnstitutu adlı ali təhsil ocağı təşkil edilib. Beləliklə, indiki
Azərbaycan Dövlət İqtisad Universitetinin ilkin əsası Azərbaycan Xalq
Komissarları Şurasının 1930-cu il 19 iyun tarixli qərarı ilə
Ticarət-Kooperativ İnstitununun bazası əsasında qoyulub. Azərbaycan
Ticarət-Kooperativ İnstitutu adı 1933-cü ilədək mövcud olub.
1933-cü
il yanvarın 2-də Azərbaycan rəhbərliyinin qərarı ilə Azərbaycan
Ticarət-Kooperativ İnstitutunun bazasında Karl Marks adına Azərbaycan
Sosial-İqtisad İnstitutu yaradılıb. Yeni təşkil edilən ali məktəbin
tərkibinə Sosialist uçotu, Sovet hüququ, Maliyyə və Plan-iqtisad
institutları da daxil edilib. Universitet K.Marks adına Azərbaycan
Sosial-İqtisad İnstitutu adı altında 1936-cı ilin sonunadək fəaliyyət
göstərib.
1936-cı il dekabrın 30-da Azərbaycan Xalq Komissarları
Şurası Azərbaycan Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar
qəbul edib. Buraya həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu da aid
edilib. Bu institut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb və
müstəqil bir ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayına kimi
mövcud olub.
1941-ci ildə SSRİ ilə Almaniya arasında müharibə
başlandığına görə bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq
Təsərrüfatı İnstitutu bağlanıb və 1944-cü ilin sonuna qədər yalnız
Azərbaycan Dövlət Universitetinin tərkibində İqtisadiyyat fakültəsi kimi
mövcud olub.
1944-cü il sentyabrın 16-da Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa olunması barədə qərar
verilib. Bu qərarın əsasında isə K.Marks adına Azərbaycan Xalq
Təsərrüfatı İnstitutu yanvarın 1-dən fərdi qaydada-heç bir ali məktəbə
tabe olmadan işə başlayıb.
Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun belə müstəqil fəaliyyəti 1959-cu ilədək davam edib. 1959-cu
ilin mart ayında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
bağlanıb və o yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilib.
Dövlət Universitetində iqtisadiyyat sahəsində mütəxəssislərin
hazırlanması əvvəlcə "Ümumi iqtisadiyyat" fakültəsində, 1962-ci ildən
etibarən "İqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələrində aparılıb. Adı
çəkilən hər iki fakültə 1966-cı ilədək Azərbaycan Dövlət Universitetinin
tərkibində qalıb.
1966-cı ilin fevral ayında Universitetin
müstəqil fəaliyyəti Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı
adı ilə bərpa olunub. Bu barədə qəbul edilən qərarla 1966-cı il
sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin tərkibindəki "Ümumi
iqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələri, eləcə də Azərbaycan
Neft-Kimya İnstitutunun mühəndis-iqtisadçı fakültəsinin bir neçə yeni
ixtisası təzə təşkil edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
ixtiyarına verilib. Müstəqil işləyən Azərbaycan Xalq Təsərrüfatı
İnstitutu 1987-ci ilə qədər mövcud olub.
1987-ci ilin oktyabr
ayında Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı bazasında
yeni Azərbaycan Dövlət İnstitutu yaradılıb. Bu adla ali təhsil ocağı
2000-ci ilədək mövcud olub.
Nəhayət ki, Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin
təkmilləşdirilməsi haqqında" 2000-ci il 13 iyun tarixli fərmanı ilə
Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq - Kommersiya
İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb.
Elmi potensialı Azərbaycan Dövlət
İqtisad Universiteti ölkənin ən aparıcı və potensial gücə malik ali
məktəblərindən biridir. İndi Universitetin 11364 tələbəsi (bakalavr), 20
fakültədə 47 ixtisas üzrə 738 magistri var. Onlara 56 kafedrada 805
müəllim dərs deyir. Müəllimlərdən 59-u professor, 49-u elmlər doktoru,
395-i elmlər namizədi, 302-si isə dosentdir.
Universitetdə tədris
intizamının gücləndirilməsi, təhsilin və elmi araşdırmaların
səviyyəsinin yüksəldilməsi, həmçinin müəllimlərin və tələbələrin
fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması üçün maksimum şərait
yaradılıb. Dünyadakı qlobal iqtisadi problemlərlə daha yaxından tanış
olmaq və tədrisin səviyyəsini yüksəldib beynəlxalq standartlara
uyğunlaşdırmaq məqsədilə universitetimiz İNTERNET sisteminə qoşulub.
Azərbaycan Dövlət İqtisad Universitetində müasir standartlara uyğun
aparılan elmi aşadırma işləri dövrün real iqtisadi problemlərinin
həllini tapmağa imkan verir.
Azərbaycan Dövlət İqtisad
Universiteti iqtisadiyyatın bütün sahələrini təmin etmək üçün yüksək
səviyyəli, peşakar kadrlar hazırlayan yeganə ali məktəbdir. İqtisad
Universitetində öyrədilən ixtisaslar bunlardır:
Mühasibat uçotu, Statistika,
Beynəlxalq iqtisadi əlaqələr, Gömrük işinin təşkili və idarə
olunması, Kommersiya, Biznesin təşkili və idarə olunması, Əmtəəşünaslıq,
İnformatika, Reklam işi, İqtisadiyyatın dövlət
tənzimlənməsi, Qiymətlərin və sertifikatların standartlaşdırılması, Dizayn
və s. Azərbaycan Dövlət İqtisad Universitetinin zəngin
maddi-texniki bazası tədrisin və elmi araşdırmaların beynəlxalq
standartlara uyğun aparılmasına imkan verir. Universitetin tədris
auditoriyaları, laboratoriya, redaksiya və mətbəə, idman zalı, səhiyyə
məntəqəsi, yeməkxana, kompyuter zalı, istirahət zonası, sağlamlıq
düşərgəsi var.
Universitetin alimləri müasir iqtisadiyyat elminin
ən müxtəlif sahələri üzrə fundamental araşdırmalar aparır, müasir
iqtisadi nəzəriyyənin əsaslarını hazırlayırlar. Bu ali məktəbin elmi
potensialı müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığı inkişaf etdirməyə
imkan verir. Həmçinin universitetin mövcud elmi potensialı hesabına
dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurmaq
mümkün olub. Bu sırada Fransanın Monpelye I, Türkiyənin "Mərmərə",
Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna
və Belorusun Dövlət Universitetləri, Bonn Universiteti, Amsterdam
Universitetinin adlarını xüsusilə çəkmək lazımdır.
Azərbaycan
Dövlət İqtisad Universiteti "Soros", "Tasis", "Tempus" və s. beynəlxalq
proqramların fəal iştirakçısıdır. Xarici Ölkələrin ali təhsil
müəssisələri ilə Universitetin müəllim-tələbə heyəti arasında təcrübə
mübadiləsinin aparılmasına, qarşılıqlı kadr hazırlanmasına böyük önəm
verilir. İndi Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyədən,
Livandan, Suriyadan, İordaniyadan, Yəməndən, Rusiyadan və
Türkmənistandan xeyli tələbə təhsil alır.