XIX əsrin sonu, XX əsrin
əvvəllərində Azərbaycanın ən mühüm pedaqoji problemlərindən biri milli
müəllim kadrlarının hazırlanması idi. Azərbaycanda müəllim hazırlayan
tədris müəssisələrinin olmaması bu sahədə böyük çətinlik yaratmışdı.
Azərbaycanlı müəllimlər əsas etibarilə Qori Müəllimlər Seminariyasında
və Tiflis Müəllimlər İnstitutunda hazırlanırdı. XIX əsrin 80-ci
illərindən 1918-ci ilə kimi həmin təhsil müəssisələrini 262 nəfər
azərbaycanlı bitirmişdi. Millətin tərəqqisinin məktəbdən, məktəbin
tərəqqisinin isə müəllimdən asılı olduğunu söyləyən N.Nərimanov və onun
həmfikirləri F.Köçərli, H.Zərdabi, Ü.Hacıbəyov, A.Səhhət,
A.O.Çernyayevski, S.Vəlibəyov, M.Mahmudbəyov, F.Ağazadə,
C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə ana dilində dərs deyə biləcək
müəllimlərin hazırlanmasını dövrün əsas tələbi kimi qiymətləndirirdilər.
Mətbuat səhifələrində Azərbaycanda müəllimlər seminariyasının açılması,
Qori Müəllimlər Seminariyasının Güney Qafqazın müsəlman şəhərlərinin
birinə köçürülməsi qızğın müzakirə olunurdu. Xalqın təhsillə bağlı istək
və arzularını ADR (1918-1920) reallaşdırırdı. ADR hökumətinin maliyyə
yardımı ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazax
şəhərinə köçürüldü. Şərqdə ilk dünyəvi təhsil ocağı olan Bakı Dövlət
Universiteti yaradıldı, mövcud məktəblərin böyük əksəriyyəti
milliləşdirildi, xeyli yeni ibtidai və orta məktəb açıldı, milli
dərsliklər nəşr edildi. Ölkədə təhsil sistemini nizama salmaq, milli
təhsilin möhkəm bünövrəsini qoymaq məqsədilə həmin dövrdə Azərbaycan
Xalq Maarif Nazirliyi yaradıldı. Nazirlik bir sıra ali və orta ixtisas
müəssisələrinin açılmasını planlaşdırsa da, onu reallaşdıra bilmədi. Azərbaycan
Parlamentinin fövqəladə iclası 1920-ci il aprelin 27-də axşam saat
11-də səs çoxluğu ilə hakimiyyəti müsəlman kommunistlərə vermək haqqında
qərar qəbul etdi. Respublikada hakimiyyəti yeni yaradılan oyuncaq
Müvəqqəti Hərbi İnqilab Komitəsi ələ keçirdi . Komitənin 1920-ci il 28
aprel tarixli əmri ilə maarif sistemi yenidən quruldu və D.X.Bünyadzadə
xalq maarif komissarı təyin olundu. Azərbaycanın böyük iqtisadi və
mənəvi potensialından sovet imperiyasının mənafeyinə səmərəli istifadə
etmək üçün müəyyən bilik və bacarığa malik işçilər hazırlamaq lazım
gəlirdi. Həmin məqsədlə 20-ci illərdə yeni təhsil sistemi təşkil edildi.
Azərbaycan ali məktəblərinin daxili həyatında 60-cı illərin sonunda
yaranan böhran tədrisin və ixtisaslı pedaqoji kadrların hazırlanmasına
mənfi təsir göstərirdi. Başqa ali məktəblərdə olduğu kimi, ADPİ də ciddi
problemlərin həllində mühüm çətinliklərlə rastlaşırdı. Respublikanın
keçmiş rəhbərliyi institutların fəaliyyətinə nəzarət edə bilmirdi.
Azərbaycanın yeni rəhbərliyinə gələn Heydər Əliyevin ali məktəblərə
xüsusi diqqət və qayğısı nəticəsində ADPİ-də əsaslı dəyişikliklər
müşahidə edildi. Universitetimizin professor-müəllim heyəti və
tələbə kontingenti dövlətimizin güclənməsi, təhsilimizin inteqrasiyası
istiqamətində qarşıda duran vəzifələri dərindən dərk edir, öhdəsinə
düşən vəzifəni tam məsuliyyəti ilə yerinə yetirirlər. Rektorluğun
tapşırıq və göstərişlərinin tələbə, professor-müəllim, inzibati-texniki
işçilər tərəfindən operativ həyata keçirilməsində prorektorların (prof.
M.Cəbrayılov, prof. V.Əliyev, prof. R.Baxşəliyev, dos. V.Mehrabov,
S.Hüseynov) rolu xüsusi qeyd olunmalıdır. Universitetin maliyyə-təchizat
sisteminin nizama salınmasında və əməli fəaliyyətində mühasibat
kollektivi (baş mühasib N.İ.Musayev – 40 ilə yaxındır ki, bu vəzifədə
çalışır) böyük əmək sərf edir. Universitetin Elmi şurası məsələləri
təsdiq olunmuş plana uyğun şəkildə müzakirə edir, müvafiq qərarlar
çıxarır və tədris prosesinin, elmi işlərin müasir tələblər səviyyəsinə
çatdırılmasında mühüm rol oynayır. Universitetin tədris-metodiki
işlərinin təşkili və tədris yüklərinin normativ sənədlərə uyğun tərtib
edilməsini tədris hissəsi (dos. V.S.Həsənov, dos. A.Z.Namazov, dos.
İ.Bayramov) həyata keçirmişdir. ADPU-nun rəhbərliyi Universitetin
beynəlxalq əlaqələrinə ciddi fikir verir. ADPU ilə Fransanın Strasburq
Universiteti arasında qarşılıqlı müqavilə bağlanmışdır. Bir neçə ildir
ki, universitetdə yeni ixtisaslar – fransız dili, psixologiya,
biologiya-gigiyena, ingilis dili üzrə tələbələr qəbul olunur. Kompüter
zallarının, yeni əsaslı kitabxananın, muzeylərin, «Heydər Əliyev
vətənpərvərlik məktəbi» üçün auditoriyanın yaradılması da son illərin
nailiyyətləridir.
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin təşkilindən 85 ildən çox keçir. Bu illər ərzində
Pedaqoji Universitet böyük inkişaf yolu keçmiş, zəngin ənənələrə malik
şöhrətli elm və tədris ocağına çevrilmişdir. Fizika, riyaziyyat,
kimya, biologiya, filologiya, tarix, coğrafiya, psixologiya və
pedaqogika elminin inkişafındakı diqqətəlayiq xidmətlərinə, pedaqoji və
elmi-pedaqoji kadr hazırlığındakı nailiyyətlərinə görə tanınan bu elm
məbədgahının respublikamızın qabaqcıl ali məktəbləri arasında
özünəməxsus yeri vardır. Azərbaycan XKS-nin sədri N.Nərimanovun
imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə
ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı
yeni təşkil olunmuş I və II dərəcəli məktəbləri yüksək ixtisaslı
pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdı. O həm də Şərq
xalqlarının mədəni-maarif qayələrini təmin etməli idi. Fəaliyyəti
dövründə institut bu missiyanı şərəflə yerinə yetirdi, 100 mindən artıq
müəllim kadrları hazırladı, bir çox ixtisaslar üzrə elmi-pedaqoji kadr
hazırlığının mərkəzinə çevrildi.