Azərbaycan Texniki Universiteti ölkəmizin
aparıcı ali təhsil ocaqlarından biri olaraq 1950-ci ildən fəaliyyət
göstərir və müasir tələblərə uyğun bakalavr və magistr hazırlığı üçün
güclü professor-müəllim heyətinə və müvafiq maddi-texniki bazaya
malikdir Hazırda universitetdə elm və texnikanın müxtəlif sahələrini
əhatə edən 26 istiqamətdə 70 ixtisas üzrə yüksək səviyyəli mütəxəssis və
elmi kadrlar hazırlanır.
Universitetdə
"Nəqliyyat","Elektrotexnika və energetika","Radiotexnika və rabitə",
"Metallurgiya" ,"Maşınqayırma", "Avtomatika və Komputer texnikası",
"Texnoloji maşınlar" və "Mühəndis biznesi və menecment" fakültələri
fəaliyyət göstərir. Bu fakültələrdə əyani və qiyabi formada 6000-dək
tələbə təhsil alır. Onlardan 300 nəfərə qədəri xarici vətəndaşlardır.
Universitetin 46 kafedrasında 600-dək professor-müəllim heyəti, o
cümlədən 70 nəfərədək elmlər doktoru, professor, 400-dək elmlər
namizədi, dosent çalışır.
Universitetdə elmin müxtəlif
istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış Elmi
Şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi
əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik
olan Universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları
tələbələrə və əməkdaşlara xidmət göstərir. Boloniya prosesinə
qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar
Universitet ABŞ-ın, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və
başqa ölkələrin qabaqcıl Universitetləri və elmi mərkəzləri ilə sıx
əlaqələr qurmuş və əməkdaşlığı daim genişləndirir. Ümumavropa təhsil
layihələrində (TEMPUS, TACİS və s.) Universitetin əməkdaşları fəal
iştirak edirlər. Universitetin kafedraları kompüter avadanlığı və
ixtisaslaşmış laboratoriyalarla təchiz olunmuşdur. Texnikanın müasir
sahələri üzrə tələbələrin hazırlanması və ixtisasların artırılması
məqsədilə xüsusi tədris mərkəzləri yaradılmışdır. Universitetdə
müasir idman sarayı, tələbə şəhərciyi və tələbə-istirahət düşərgəsi
fəaliyyət göstərir. Universitet öz imkanlarından istifadə edərək
ölkəmizin sosial və iqtisadi problemlərinin həllində yaxından iştirak
edir.